“Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanun”u

Azərbaycan Respublikası Konstitusiyasının 39-cu, 78-ci maddələrinə və 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, ölkədə yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Lakin son aylar Qanunun bu tələbləri məhz aidiyyatı dövlət qurumları tərəfindən kobud surətdə ya pozulur, ya da pozanların əməllərinə göz yumulur. “Göz yumma əməliyyatı”na əsasən bu məsələdə məhz dövlət siyasətini müəyyən edən Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən yol verilir. Xatırladaq ki, BakuNews.az informasiya portalı olaraq dəfələrlə bu məsələ haqqında faktlarla təsdiq edilmiş araşdırmalar dərc etsək də, ETSN hələ ki, prosesdə müşahidəçi obrazında qalmağa üstünlük verir. Halbuki “Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanun”unun 5-ci maddəsində – “Yaşıllıqların mühafizəsinin əsas prinsipləri” bölməsində, 5.0.5. bəndində “yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarəti və ictimai nəzarət”, eyni zamanda 5.0.6.-da isə “qanunun pozulmasına görə məsuliyyət” müəyyən edilib. Lakin zaman-zaman nəinki təqdim etdiyimiz video və foto faktlar, hətta yuxarıda qeyd etdiyimiz kimi qanunlar belə ETSN-ni və bəzi rayon icra hakimiyyəti rəhbərlərini qətiyyən narahat etmir. Oxucuların nəzərinə çatdıraq ki, Xətai rayonu Cavanşır küçəsi ev 27A və 27 nömrəli binaların arxasındakı magistral yolun kənarındakı səkiyə birləşik yaşıllıqlar artıq bir müddətdir ki, Rəis adlı işbaz tərəfindən məhv edilir. Bu həmin Rəisdir ki, törətdiyi qanunsuz əməllərinə göz yummaları üçün əvvəlcə etiraz edənlərə müxtəlif məbləğdə pul təklif etmişdi. Daha sonra isə planı baş tutmadıqda Rəis “diqqətini” ETSN və Xətai rayon icra hakimiyyətinin nümayəndələrinə tərəf yönəltdi. Məlumatı verən mənbənin sözlərinə görə hətta özlərinin operativliyi ilə həmişə fəxr edən “Xəzər” və “Lider” telekanallarının çəkilişlərini belə əngəlləmək gücündə olan Rəis qanunun bütün tələblərini pozmaqda davam edir. Bir neçə gün öncə Rəisin tikinti apardığı ərazinin əvvəlki və sonrakı video, foto görüntülərini təqdim etmişdik. Video və fotolardan aydın görünür ki, təxminən bir ay əvvələ qədər ərazidə onlarla yaşıl meyvə ağacları olub. Lakin Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun qanunsuz icazəsi nəticəsində indi həmin ərazidə Rəisə məxsus avtomobil təmiri sexləri inşa olunur.

Be the first to comment on "“Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanun”u"

Leave a comment

Your email address will not be published.


*