Aqroturizm biznesinin təşkili və idarə edilməsi mövzusunda seminar Lənkəran rayonunda təşkil olundu və sahibkarlara arı pətəkləri verildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Lənkəran şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Şəfəq” Ekoturizm İctimai Birliyi tərəfindən “Aqroturizmin inkişafı üçün məşğulluğun artırılmasına dəstək” layihəsi çərçivəsində Lənkəran rayonunda “Aqroturizm biznesinin təşkili və idarə edilməsi” mövzusunda seminar təşkil olunub. Seminarda Lənkəran, Astara və Lerik rayonlarını təmsil edən ümumilikdə 16 nəfərdən çox sahibkar və bələdiyyə üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev öncə layihə və onun məqsədləri barədə, layihənin donoru və təşkilat haqqında, daha sonra turizm mövzusuna giriş edərək bu sahədə dövlət tərəfindən görülən işləri, layihənin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb. Daha sonra layihə üzrə ekspert Rafət Şirəliyev aqroturizm fəaliyyəti, aqrobiznesin formalaşması, aqroturizmdə marketinq, müştəri xidmətləri və digər mövzular üzrə müzakirələr aparıb. O, həm də bu turizm növünün sosial, iqtisadi, mədəni faydalarını, bu sahədəki beynəlxalq təcrübəni ayrı-ayrı ölkələrin simasında iştirakçılara təqdim etmiş, regionun aqroturizm potensiyalını və qanunvericilikdən irəli gələn məsələləri onlarla birgə müzakirə edib.

Tədbir iştirakçılarından Astara rayonun Ovala kənd sakini Ağalar Məcidov, Lənkəran rayonun İstisu qəsəbə bələdiyyəsinin sədri Rahim Xosrofov, Lənkəran rayonun Bəlləbur kənd sakini Abbas Rüstəmov, Lerik rayonun Lüləkəran kənd bələdiyyəsinin sədr müavini Əfqan Quliyev və digərləri layihənin əhəmiyyətindən söz açaraq, ölkənin bütün bölgələrində kənd təsərrüfatı və turizm sahəsində aparılan işlərin təqdirəlayiq olduğunu bildirmiş və bu layihənin məhz cəmiyyət üçün faydalarından danışmışlar. Tədbirdə iştirak edən kənd təsərrüfatı sahibkarları oxşar təcrübələrini həmkarları ilə bölüşüb.

Tədbir yekunlaşdıqdan sonra aqroturizm biznesinin stimullaşdırılması məqsədi ilə seminarda iştirak edən Lənkəran, Astara və Lerik rayonun hər birindən 2 nəfər olmaqla ümumilikdə 6 nəfər sahibkara layihə tərəfindən hazırlanmış 20 ədəd arı pətəyi bölüşdürülərək təqdim edilib.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd aqroturizm sahəsində əhali arasında maarifləndirmə işi aparmaq və stimullaşdırıcı tədbirlər həyata keçirərək bu istiqamətdə məşğulluğun artırılmasına dəstək olmaqdan ibarətdir.

 

Be the first to comment on "Aqroturizm biznesinin təşkili və idarə edilməsi mövzusunda seminar Lənkəran rayonunda təşkil olundu və sahibkarlara arı pətəkləri verildi"

Leave a comment

Your email address will not be published.


*