Masallı, Lənkəran və Lerik meşələrində ağac soyqırımı davam edir – Ekologiya nazirliyi isə susur

Respublikanın cənub bölgəsindən Realliq.net saytına daxil olan məlumatda bildirilir ki, Masallı, Lənkəran və Lerik meşələrində ağacların kütləvi kəsilməsi müşahidə olunur.
Aparılan araşdırmalar göstərdi ki, Masallı rayonunun Xanalyon, Sığdaş, Kubin, Lənkəranın Osakücə, Tükəvilə, Qəqiran, Günəhır, Lerikin isə bir çox kənd ərazilərində yerləşən meşələrdə nadir ağaclar kəsilməkdədir. Cavan ağacların kəsilməsinin qarşısını almağa borclu olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkşafı Departamentinin yerli şöbələri isə qanunsuzluğa göz yumaraq işbazların fəaliyyətindən yararlanmaqdadırlar.

Qeyd edək ki, bir neçə ay öncə Masallı Meşə Mühafizəsi və Bərpası müəssəsinin rəhbərliyi Ekologiya nazirliyi tərəfindən işdən azad edildi. Lakin bu qərardan sonra da Masallıda meşələrin kütləvi məhv edilməsi hallarına rast gəlinir. Rayonun Yardımlı ilə sərhəd zonalrında ağacların kəsilməsi adi hala çevrilib. Masalı və Yardımlı meşələrini təşkil edən nadir ağacların – şabalıdyarpaq palıd və dəmirağaclarının məhv edilməsi aidiyyatı qurumları hərəkətə gətirmir.

Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Şakir müəllimin də şəxsi maraqlarının qurbanına çevrilən meşələrdə kəsilən ağaclar yaşıllıqların məhvinə səbəb olmaqdadır. Uzun illər hesabına ərsəyə gələn meşələrin kütləvi qırğına məruz qalması Ekologiya nazirliyinin başbilənlərini narahat etmir. Rayon ziyalılarının Realliq.net – ə bildirdiyinə görə ağacların kəsilməsini təşkil edənlər, nəzarət edən qurumları razı salıblar. Məhz bu səbəbdən, baş verən qanun pozuntularına biganə münasibət davam edir. Lənkəran meşələrində fəaliyyət göstərən restoran sahibləri ilə söhbətimiz zamanı aydın olur ki, onlardan hər il alınan rüşvət 30 – 50 min manat təşkil edir. Belə olan halda meşələrdən yararlananlar onların məhvinə də göz yummaq məcburiyyətində qalırlar.
Masallı, Lənkəran və Lerik meşələrində ağac soyqırımı davam edir – Ekologiya nazirliyi isə susur
Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Eyvaz Babayevə gəlincə bu şəxs haqqında ölkə mediasında bir sıra məlumatlar dərc olunub. Onun meşə təsərrüfatına rəhbərliyi dövründə ağacların kəsilməsi və tikinti materialları kimi satışa çıxarılması kimi faktların ictimailəşməsi nəticəni dəyişməyib. Lerikin zəngin meşələrinin, fıstıq və digər nadir ağacların satışını təşkil edən işbazlara yaradılan şəraitin səbəbləri qaranlıq deyil. Hər gün davam edən prosesdə Eyvaz Babayevin və onun meşəbəyilərinin şəxsi maraqları təmin olunur. Bu da təbii ki, faktların ört-basdır edilməsinə və qanunsuz qazanc əldə edilməsinə şərait yaradır.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktor əvəzi, Abbasov Söhrab Aydın oğlunun baş verənlərdə pay sahibi olduğunu demək çətindir. Lakin fakt odur ki, Söhrab müəllim biz bildiklərimizdən daha çox məlumatlıdır.
Realliq.net olaraq Talış dağlarında həyata keçirilən ağacların soyqırımı ilə bağlı faktlara Söhrab müəllimin və Ekologiya nazirliyinin məsul şəxslərinin münasibətini öyrənməyə çalışdıq. Söhrab müəllimin telefonları susduğu üçün sorğularımıza cavab ala bilmədik.
Araşdırmalarımız davam edir. Növbəti yazıda meşələrdə ağacların kütləvi kəsilməsi ilə bağlı şəkilləri və video görüntüləri Sizə tədqim edəcəyik.

Be the first to comment on "Masallı, Lənkəran və Lerik meşələrində ağac soyqırımı davam edir – Ekologiya nazirliyi isə susur"

Leave a comment

Your email address will not be published.


*