İsmayıllı rayonunda məmur özbaşınalığının nəticəsində meşə təsərrüfatı əsl soyqırım yaşayır
(9-09-2017, 09:15)

İsmayıllı rayonunda məmur özbaşınalığının nəticəsində meşə təsərrüfatı əsl soyqırım yaşayır
Ölkənin təbii sərvəti sayılan qiymətli ağaclar məsuliyyət hissini tamamilə unutmuş məmurlar tərəfindən kütləvi şəkildə qırılaraq satılır. Qeyd edək ki, İsmayıllı Azərbaycanın ən zəngin meşələrə malik olan rayonlarından biridir. Rayonun orta dağlıq və yamac hissələrində palıd, qarağac və vələsin ümumilikdə 4 növü, fıstıq, şabalıdyarpaq, qaraçöhrə, yabanı püstə kimi nadir ağaclar var.
Hələ Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi ilk dövrdə - 1969-cu ildə Tanrının baxş etdiyi bu zəngin təbii sərvətin qorunması məqsədilə 74 min hektar meşə ərazisi dövlət yasaqlığı elan edilmişdir. Çox təssüflər olsun ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin aidiyyatı məmurlarının məsuliyyətsizliyi və yarıtmaz fəaliyyəti nəticəsində dövlət yasaqlığı elan olunan meşə ərazisinin sahəsi 74 min hektardan 34 min hektara enmişdir.

Qlobal.az-ın Araşdırmaları zamanı məlum oldu ki, dövlət yasaqlığı elan olunan ərazidə İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbəri İlqar Qəribov tərəfindən şəxsi mənfəətləri naminə amansız qırğınlar törədilib. Vəzifələrinin mahiyyəti etibarilə bilavasitə bu qiymətli meşə sərvətini göz bəbəyi kimi qorumalı olan müəssisənin nazirə arxalanan rəhbərliyi xüsusən cavan, sağlam və qiymətli ağacları məqsədli şəkildə kəsdirərək məhv edib. Dövlətin təbii sərvətinə, millətin genefondunun sağlamlığına bu cür düşmən kəsilən müəssisə müdirinin əməllərini bəs niyə tabeçiliyində olduğu yuxarı instansiyalar indiyədək görə bilməyib, yaxud görmək istəməyiblər? Deməli, burada törədilən dövləti cinayətin miqyası daha böyükdür. Bu cinayət əməlinin iştirakında daha "iri kreslo” sahibləri iştirakçıdır. Dövlətin və millətin sərvətinə düşmən kəsilən "iri kreslo” sahiblərini aşkarlamaq niyyəti ilə araşdırmalarımıza başladıq. Və dəhşətli məqamlarla, faktlarla üz-üzə qaldıq.

Beləliklə, kimdir İlqar Qəribov?

Öncə onu qeyd edək ki, İlqar Qəribov yuxarıda da qeyd etdiyimiz kimi uzun müddətdir İsmayıllı rayonunun meşələrin mühafizəsi və Bərpası Müəssisəsinin müdiridir. Dövlət məvacibi 400 manat civarında olan bu şəxs vəzifə və səlahiyyət mənsubiyyətinə görə təsəvvürə gəlməyəcək dərəcədə nəhəng kapitala sahibdir. İlqar Qəribovun rayon ərazisində meşə və meşəkənarı ərazilərdə fəaliyyət göstərən bütün restoran və otellərdən maddi dövriyyələrinə görə hər ay 800- 5000 manat civarında rüşvət aldığı deyilir. Deyilənə görə, tələb etdiyi rüşvəti vermək istəməyən obyekt sahibləri isə İlqar Qəribov tərəfindən obyektlərinin söküləcəyi ilə hədələnir.

Onu da qeyd edək ki, məlumata görə Qəribov aldığı bu rüşvətləri birbaşa tabeçiliyində olduğu Meşələrin İnkişafı Departamentinin rəhbəri, əslən İsmayıllı rayonundan olan Şakir İsmayılovun və ETS naziri Hüseynqulu Bağırovun adından alır. İsmayıllı və ətraf rayonlarda meşə sisteminə bələd olan insanlar hamısı İlqar Qəribovu Hüseynqulu Bağırovun və Şakir İsmayılovun "qara kassası” kimi tanıyır. Buna görə də, İlqar Qəribov hətta bəzən rüşvət trayektoriyasını "genişləndirərək” səlahiyyətində olduğu meşə ərazisindən kənarda fəaliyyət göstərən obyektlərə də "əl qoyur”.

İsmayıllının "meşəbəyi”si yoxsa oliqarx?

Onu qeyd edək ki, İsmayıllı rayonunda və qonşu Ağdaş, Göyçay, Ucar, Kürdəmirdə fəaliyyət göstərən yeşik sexlərinə göndərilən 3-cü, 4-cü sort ağaclar heç də İlqar Qəribovun əsas gəlir mənbəyi deyil. Bir az uzağa- Gəncə, Sumqayıt və Bakı şəhərlərində gizli ya da açıq-aşkar fəaliyyət göstərən mebel istehsal edən müəssisələrə ay ərzində yüz min manatlarla ölçülən çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz kimi qiymətli ağaclar İlqar Qəribov tərəfindən kəsdirilərək göndərilir. Dərnəgül, "Biləcəri-Baksol Yolu” ərazilərində fəaliyyət göstərən bu cür "yarımgizli” mebel sexlərində İlqar Qəribovun göndərdiyi ağaclardan istehsal olunan qapılar 3-14 min manat arası satılır. Əməkdaşımızın araşdırması nəticəsində məlum oldu ki, Dərnəgül bazarında nadir ağaclardan istehsal olunan bahalı qapılar çox vaxt Türkiyə, Polşa, İtaliya istehsalı adına satılır. Əslində isə bu qapılar İlqar Qəribovun doğradığı nadir yerli ağaclardan hazırlanan qapılardır. Bəs, adi idarə rəhbərinin bu qanunsuz əməlləri bu qədərmi gözəgörünməzdir. Bəlkə İlqar Qəribov tabeçiliyində olduğu rəhəbrliyinin dilini –ağzını "bağlatdırıb”? Elə isə bəs rəhbərliyin gözləri???

Şakir İsmayılovla İlqar Qəribovun "şərikli çörəyi”

Qeyd edək ki, aldığımız məlumata görə, qanunsuz olaraq doğratdırıb satdığı qiymətli ağaclardan gələn yüzmin manatlarla pula İlqar Qəribov qane olmayıb. Gözləri önündə qapı, mebel və parket istehsalıyla məşğul olan sexlərin qazandığı milyonlar İlqar Qəribovu "parket biznesi”nə həvəsləndirib. Və parket biznesinə ciddi girişən İlqar Qəribov Departament rəhbəri olan Şakir İsmayılovu da özünə şərik edib. Məlumata görə, hal-hazırda Göyçay, Qəbələ, İsmayıllı rayonlarında və eləcə də Bakı şəhərində İlqar Qəribovla Şakir İsmayılovun şərik olduğu parket və yeşik sexləri var. Deyilənə görə, İlqar Qəribovla Şakir İsmayılovun şərikli işlətdikləri sexlərdə nadir ağaclardan istehsal olunan parketlər yerli bazarlarda "Türkiyə malı” adına satılır.

Qlobal.az-ın əldə etdiyi digər məlumata görə isə, qoz və yabanı püstə (saqqız ağacı) ağacından istehsal olunan parketlər qardaş Türkiyəyə ixrac olunur. Qəribovla İsmayılovun Türkiyəyə ixrac etdikləri parketin satışını isə ETS naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov həyata keçirir. Yeri gəlmişkən araşdırmalarımız zamanı məlum oldu ki, İlqar Qəribovla Şakir İsmayılovun şərikliyi heç də parket, yeşik və qapı istehsalıyla yekunlaşmır. Onlar İsmayıllı rayonunun Diyallı kəndində "qazon” istehsalıyla da məşğul olurlar. İstehsal etdikləri "qazon”lar isə sonradan nazirliyin xətti ilə dövlət müəssisələrinə satılır. Daha sonra o da məlum oldu ki, İlqar Qəribov bir vaxtlar ETS naziri Hüseynqulu Bağırova sürpriz etmək istəyib. Bu niyyətlə də İsmayıllı rayonunun Qaraqaya kəndində nazirinə restoran və otel sahiblərindən aldığı rüşvətlə villa tikdirməyə başlayır. Ancaq İlqar Qəribovun bu sürprizindən vaxtından əvvəl xəbər tutan Hüseynqulu Bağırov villadan qətiyyətlə imtina edib. Deyilənə görə, niyyəti baş tutmayan İlqar Qəribov villanı Şakir İsmayılova bağışlayıb.

Qeyd edək ki, hazırda villanın beton-monolit hissəsi yekunlaşmaq üzrədir. İlqar Qəribovun Şakir İsmayılova olan bu jestinin arxasında isə məlumata görə, daha incə məqam dayanır. Belə ki, nazirliyin kolidorlarında gəzən söz-söhbətlərə görə, ETSN-də yaxın vaxtlarda ciddi kadr dəyişikliyi baş verəcək. Bu kadr dəyişikliyinin fonunda isə Şakir İsmayılovun Departament rəhbəri vəzifəsindən Nazirliyin aparat rəhbəri vəzifəsinə gedəcəyi proqnozlaşdırılır. (ETSN-nin indiki aparat rəhbəri Rövşən Cəlilov da indiki vəzifəsindən öncə Meşələrin İnkişafı Departamentinin rəhbəri olub).

Məlumata görə, gələcək aparat rəhbəri Şakir İsmayılov isə İlqar Qəribova onu Meşələrin İnkişafı Departamentinə rəhbər təyin edəcəyinə söz verib. Hüseynqulu Bağırov, Şakir İsmayılov və İlqar Qəribov üçlüyünün işbirliyi barədə araşdırmalarımız zamanı diqqətdən qaçırmadınızsa daha bir ada rast gəldik. Bəli, ETS naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov. Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov biznes fəaliyyəti ilə məşğuldur. Lətif Hüseynovun biznesinin əhəmiyyətli hissəsini isə turizm sektoru təşkil edir.

Qeyd edək ki, Lətif Bağırovun biznes fəaliyyəti barədə araşdırmalarımız davam edir. İlkin araşdırmalarımız zamanı məlum oldu ki, turizm fəaliyyəti ilə məşğul olan "Otak Turizim Otelçilik İnşaat Limited” Lətif Bağırovun qeyri-rəsmi rəhbərlik etdiyi şirkətlərdən biridir.

Araşdırmalarımız yekunlaşan kimi oxucularımızın diqqəti çatdıracağıq.


Ana səhifəyə qayıt

Axtariş

Reklam

Xəbər Lenti

20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
15-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
08-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
Reklam

Reklam
Reklam