Azərbaycan müstəqillik əldə etdikdən sonra bəzi məmurlar titul axtarışına başladılar

Doxsanıncı illərin ortalarından 2000-ci illərin əvvəllərinə qədər həcc ziyarətinə axın edərək adlarının önünə “hacı” titulu yazdıran bu tip məmurların sonradan “iştahları” daha da böyüdü. 2000-ci illərdən başlayaraq Azərbaycanda məmurların böyük əksəriyyəti artıq adlarını dini yox, elmi titullarla “bəzəməyə” başladılar. AMEA-nın rəsmi statistikasına baxdıqda da xronoloji elmi “inkişaf”ın illər üzrə necə artdığını görmək olur.
Ölkədə bəzi məmurlar var ki, elmi titullarla da razılaşmayaraq, daşıdıqları vəzifənin miqyasına baxmadan özlərini dövlət xadimi sanırlar.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva da “dövlət xadimi” statusuna malik olan məmurlardandır. Belə ki, Nəsimi rayon İcra hakimiyyəti başçısının birinci müavini olan xanımın vikipediya məlumatında “dövlət xadimi, Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, I dərəcəli dövlət qulluqçusu” sözləri qeyd olunub.
Vikipediya ciddi mənbə sayılmasa da, çox güman ki, Gülarə Verdiyeva qeyd olunan “statusundan” xəbərdardır. O zaman məntiqi sual meydana çıxır: Əgər 4 il icra başçısının müavini vəzifəsində çalışan Gülarə Verdiyeva dövlət xadimi sayılırsa, bəs o zaman 17 illik nazir müavini və müxtəlif rayonların icra hakimiyyətinin başçısı vəzifələrində çalışmış birbaşa rəhbəri Asif Əsgərov hansı siyasi kateqoriyaya aiddir?
Xatırladaq ki, 2010-cu ildə deputatlığa namizədliyini irəli sürən Gülarə Verdiyeva İctimai televiziyanın canlı efirində “Heydər Əliyev Fondunun Prezidenti” sözünü doğru-düzgün tələffüz edə bilməməsi media xeyli müddət müzakirə mövzusuna çevrildi.
Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətindən münasibət öyrənmək məqsədi ilə gün ərzində etdiyimiz zənglərə cavab verilmədi.

Qlobal.Az

Be the first to comment on "Azərbaycan müstəqillik əldə etdikdən sonra bəzi məmurlar titul axtarışına başladılar"

Leave a comment

Your email address will not be published.


*