DYP-nin «Nəvai» postunda nə baş verir?

Şikayətçi Xaliq Məmmədov: « Özünü Anar kimi təqdim edən inspektor səhər saat 09-30-da məni saxlayıb deyir ki, neçə gün əvvəl Bakıda piyada zolağını tapdalamısan…»
Bakı şəhər sakini Xaliq Məmmədovun şikayəti DYP inspektorunun analoqu olmayan rəftarı barədə olduğundan DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin diqqətinə çatdırmağı lazım bildik. Əlbəttə, rəhbərlik hardan bilsin ki, hansısa postda hansısa inspektor hansı haqsız iş tutur. KİV-in isə vəzifəsi yerlərdə baş verən haqsız və ədalətsiz, həm də yersiz hərəkətləri, problemləri açıb göstərməkdir ki, belə hallar bir də təkrarlanmasın. Təbii ki, günahkarın cəzalandırılması şərtilə. Çünki sürücü adi qayda pozuntusuna görə cəzalandırılırsa, niyə «Yol patrul əməkdaşının davranış qaydaları haqqında» təlimatı və müvafiq qanunvericiliyi pozan inspektor da cəza almamalıdır?
Beləliklə, şikayətçi Xaliq Məmmədov yazır:
-Hörmətli «Təzadlar»!
17 iyul 2018-ci il tarixdə, səhər saatlarında Ağcabədi rayonunda yaşayan yaxın qohumumun bədbəxt hadisədən dünyasını dəyişmiş oğlunun yas mərasimində iştirak etmək məqsədi ilə ailəlikcə Bakıdan yola çıxmışdıq. Təxminən saat 09:20 radələrində Bakı-Yevlax magistral yolunun Hacıqabul rayonunun Nəvai kəndi ərazisindən keçən hissəsindəki Baş Dövlət Yol Polisi İdarəsinin «Nəvai» postunda bizi saxladılar. Özünü təqdim etməyən (sonradan adının Anar olduğunu dedi, döş nişanı 0096) inspektor tələm-tələsik sənədləri istədi, sonra əlindəki kompüterdə nəsə axtarmağa başladı. Mən ondan nə baş verdiyini soruşub, sonra yas yerinə tələsdiyimizi, üstəlik, havanın bürkülü olmasını diqqətinə çatdırıb, bizi tez yola salmasını xahiş etdim. Bu sözlərimdən əsəbləşən inspektor «Nə olub, hara tələsirsən?» deyəndə, avtomobildən yerə düşüb bir daha dedim ki, axı mən bu ərazilərdə qayda pozmamışam, bilmək istəyirəm, nə olub? Əgər bir qayda pozuntum, yaxud cəriməm var idisə, bunu əvvəldən bilməli idiniz, siz isə kompüterdə nəsə axtarırsınız… Nəhayət, sənədləri özümə qaytaran inspektor mənə nə desə yaxşıdır: «Siz Bakıda piyada keçidini tapdamısınız…». Bu sözdən sonra bərk əsəbləşdim. İstidə vaxtımızı bu qədər alıb sonra Bakıdakı guya qayda pozuntusundan bəhs edən inspektorla birikdə postun rəhbərlik əyləşən məntəqəsinə getməli oldum. Tələb etdim ki, mənim adıma olan bazadakı səhifəyə baxsın, görsün ki, hətta cəriməm də yoxdur. Anar adlı inspektordan əlavə bir neçə inspektor da yaxına gəldilər, qanuni tələbimi yerinə yetirmək istəməsələr də, dirənib bunu tələb etdim. Onlar bazaya baxdılar, həqiqətən də gördülər ki, heç bir cəriməm yoxdur. Sonra tələb etdim ki, mənə irad tutduğu qayda pozuntusunun görüntüsünü göstərsinlər. Axı Bakıda, Şəkidə, Qazaxda… olmuş qayda pozuntusunun bu inspektora və məntəqəyə nə aidiyyəti var? Qayda pozuntusu baş vermişdirsə, həmin ərazidəki kameralar avtomatik qeydə alır, elektron protokol yazılır, inspektor aşkar edibsə, artıq protokolu o yazıb. İndi bu «Nəvai» postunun inspektorunun Bakıda qayda pozuntusunu niyə məndən soruşması maraqlı idi. Nəhayət, uzun mübahisədən sonra hiss etdim ki, onlar kompüterdə hazır bir foto tapıblar. Sonra mənə göstərdilər. Fotoda həqiqətən də bir avtomobil piyada keçidinin azacıq üstündə dayanmışdı, lakin həmin avtomobilin dövlət nömrə nişanı görünmürdü. Başa düşdüm ki, bu qurama bir fotodur, sadəcə, inspektorlar bu postda saxladıqları avtomobilin sürücüsünə belə bəhanələrlə protokol yazırlar və s. Mən onlardan soruşdum ki, siz hardan bilirsiniz ki, bu avtomobil mənə məxsusdur? Onlar cavab vermək əvəzinə, məni yola salmağa tələsirdilər.
Hörmətli redaksiya! Xahiş edirəm, bu məsələni tanınmış sahə mütəxəssislərindən öyrənərək araşdırasınız, mənim pozulmuş hüquqlarımın bərpasına köməklik edəsiniz. İnspektorun belə hərəkəti, Bakıda baş vermişdirsə belə, sürücünün Bakıdakı hansısa qayda pozuntusunun «Nəvai» postundakı inspektorlara nə kimi aidiyyəti var???

Redaksiyadan: məsələ ilə bağlı şikayətçinin söylədikləri ilə bağlı hüquqşünas, yol hərəkəti qanunvericiliyi sahəsində tanınmış ekspert-mütəxəssis Ərşad Hüseynovla əlaqə saxladıq. Ərşad müəllim birmənalı olaraq bildirdi ki, əvvəla, ən çox şikayət nədənsə «Nəvai» postundan olur, ikincisi də, inspektorun Bakıda baş vermiş məlum qayda pozuntusuna görə sürücünü həmin postda saxlaması yolverilməzdir…

Tezadlar.az

Be the first to comment on "DYP-nin «Nəvai» postunda nə baş verir?"

Leave a comment

Your email address will not be published.


*