Jurnalistlərə saxta saat bağışlayan, oğluna görə yemləyən Nəsimi başçısı PA-ya qarşı – Şərh

Məmurlar xalqa xidmətlə mətbuatın gözünün işığı olmalıdırlar. Amma Nəsimi rayon icra başçısı Asif Əsgərov onu tərifləyən, pul xərclədiyi mətbuatın “ala gözünə aşiq olub”.

Reportyor.İnfo xəbər verir ki, Milli Mətbuatın 143 illiyində icra başçısı dəstəsinin başı ilə bir qrup jurnalisti İH-də təbrik edib.

A.Əsgərov azad medianı ələ almaq, ondan yazmamaq xatirinə qonaqlıq təşkil edib, jurnalistlərin peşə gününü qeyd edib – deyəsən, axirətin əlamətləridir…

Nəsiminin icra başçısı prezidentin belə jurnalistlərə qonaqlıq vermədiyi halda, irəli gedərək göstərdiyi bu özfəaliyyəti yalnız əməllərini tənqid edən yazıları dayandırmağa hesablanıb.

Yoxsa ki ölmüşdü Xankişi, A.Əsgərov mətbuatın qayğısına qala, pul tökə, təbrik edə…

Onun məqsədi nə mətbuata dəstəkdir, nə də təbrik etmək arzusu, sadəcə niyyəti medianı ələbaxımlı etmək, qanunsuz qərarlarını, Nəsimi rayonundakı qaranlıq işlərini işıqlandıran KİV-ləri susdurmaqdır.

Əks halda mətbuat onun Nəsimi rayonunda yaşıllıqları, səkiləri, binaların həyətlərini satmasından yazacaq, əks halda oğlunun avtomobil qəzasında öldürdüyü gəncin həyatına son qoysa da, həbsdən səhhətindəki problem adı ilə xaricə gedəcəyindən yazacaq, əks halda büdcə pullarını mənimsəməsi, tikinti şirkətləri ilə bazarlığı, cəbhə xəttinə getməklə özünü vətənpərvər göstərib oğlunun cinayətini unutdurmaq barədə yazanlar olacaq.

A.Əsgərov bu tənqidləri boğmaq üçün müstəqil mətbuata yeni taktik hücuma keçib, onları satın almağa, başlarına şabaş səpməyə başlayıb.

Ötən həftə ərzində heç bir rayon İcra Hakimiyyəti jurnalistləri inzibati binasına toplayaraq bu şəkildə təbrik etməyib, qonaqlıq verməyib.

Hətta Prezident Administrasiyası rəsmiləri, dövlət başçısı belə Milli Mətbuat Günü ilə bağlı ziyafət təşkil etmədi.

Ancaq A.Əsgərov özünü PA-nın siyasi kursundan ayırıb, Nəsimi RİH-də şəxsi mənafeyi naminə mətbuatla dostluq qurmağa çalışıb.

Halbuki, prezident çıxışında jurnalistlərin onun köməkçiləri olduğunu bəyan edib və ictimai nəzarəti gücləndirməyi, məmurların qanunsuz hərəkətlərini araşdırmağı tapşırıb.

A.Əsgərov da həmin icra başçılarındandır ki, barəsində saysız-hesabsız şikayətlər var. Amma o, prezidentin “köməkçiləri”ni şəxsi məqsədləri üçün istifadə etməyə çalışır.

Reportyor.İnfo xəbər verir ki, əslində Nəsimi RİH-nin bu tədbirinə PA səviyyəsində reaksiya veriləcəyi gözlənilirdi. Çünki A.Əsgərov siyasi xətdən kənar addım atıb.

Hələ bir neçə il əvvəldən – Səbayel icra başçısı olanda da müxtəlif KİV-lərə qeyri-rəsmi dəstək verirdi. Bu o zaman idi ki, prezident ona qəzəbliydi.

A.Əsgərovun oğlu İlham Əsgərli “Mcdonalds” restoranlarının Bakı şəbəkəsininrəhbəri Maqsud Mirzəyevin oğlunu yol qəzasında öldürmüşdü.

Ona həbs cəzası verilsə də, çox çəkmədi müalicə müəssisəsinə, sonra evə köçürüldü. M.Mirzəyevi isə məhkəmədə bildirirdi ki, oğlunu öldürən məmur balası xaricdədir.

A.Əsgərov məmur və övladlarının harınlığı barədə prezidentin sərt xəbərdarlığında sonra təşvişə düşmüşdü. Ona görə media ilə işləmək yolunu seçdi.

Hər dəfə Mətbuat Günü bir qrup jurnalisti təltif etməyə başladı. Ən dəhşətlisini xatırladaq ki, 2015-ci ildə Səbayel Rayon İcra Hakimiyyəti 22 iyul Milli Mətbuat Günü münasibətilə bir qrup (75 nəfər) jurnalisti mükafatlandırmışdı.

İcra hakimiyyətindən yayılan məlumatda deyilirdi ki, jurnalistlərə “qiymətli hədiyyələr” təqdim olunub.

Əslində isə məlum olmuşdu ki, həmin “qiymətli hədiyyə” Çində istehsal olunan və bu ölkədə 6 dollara, Azərbaycanda isə 20-30 manata satılan saxta “Tissot” saatlarıdır.

Ona görə də saxta saatla, oğluna görə qonaqlıq verməklə mətbuatın sərbəstliyini, müstəqil fəaliyyətini həlqəyə salmaq, azadlıqlarını buxovlamaq özünə xidmətdir.

Şəffaf fəaliyyəti olan, qanunsuzluğa yol verməyən, adı neqativ hadisələrdə çəkilməyən məmur heç vaxt mətbuatdan çəkinməz, hədiyyələr paylamaz, ziyafətlər verməz.

Əksinə, fəaliyyəti açıq olan və vətəndaşları narazı salmayan hər bir məmurun tərifini elə xalq verir. A.Əsgərov isə Nəsimi rayon sakinlərinin gününü qara edib.

Dəfələrlə qanunsuz tikinti aparılmasına icazə verməsi, ağacları qırdırması haqda rayonun ayrı-ayrı massivlərindən video çəkilişlər təqdim etmişik. Odur ki, icra başçısı mətbuatı ələ almaq yox, müsahibə verməklə özünə dost edə bilərdi…

REPORTYOR.info

ARİFƏ

Be the first to comment on "Jurnalistlərə saxta saat bağışlayan, oğluna görə yemləyən Nəsimi başçısı PA-ya qarşı – Şərh"

Leave a comment

Your email address will not be published.


*