Nuriyevin 403-cü otağından Usubova açılan “atəş”…

Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidməti (MMX) rəhbəri Vahid Nuriyev Daxili İşlər Nazirliyi sisteminin kökünü baltalamaqla məşğuldurlar. Nazir Ramil Usubovun qurduğu modern, şəffaf və operativ idarəçilik sistemini demontaj etməkdə olan V.Nuriyev ölkənin yol polis fəaliyyətini bayağı, ələbaxımlı, soyğunçu şəklinə salaraq, polis imicinin reputasiyasını dağıdan alverçi obrazı yaradır, polis reputasiyası dağıdılır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlar göstərir ki, R.Usubovun beynəlxalq standartlara və müasir texnologiyaya uyğun qurduğu yeni polis sistemi Nuriyevin sayəsində məhv edilir.
Sıradan bir polkovnikin, adi xidmət rəhbərinin generala, nazirə qarşı fəaliyyəti bəlkə də məqsədli şəkildə edilmir. Amma reallıq bundan ibarətdir ki, qeyri-rəsmi gəlir mənbələri, dondurulmuş yazılmamış qanunların işlək vəziyyətə gətirilməsi, böyük pulların dövriyyədə olması elə bir baş gicəlləndiricilik yaradıb ki, V.Nuriyev R.Usubovun cızdığı dairəni tapdalamağa məcburdur. Nəticə isə çılpaqlığı ilə göz qabağındadır: yol polisi yenə radarsilən, pulgötürən, “şirinlik” sevən, yollarda ərəbzəngilik edən, yük maşınlarını saxlayıb soyan bir hüquq-mühafizə orqanına çevrilib. Sanki Usubovun nazirliyində bir destruktiv müxalif cəbhə açılıb və gizli şəkildə yol polis sistemini ayaqlar altına atıb gözdən salmağa çalışır.
Nazir təğyiri-libas olub 403-cü otağa gəlsə…
Vahid Nuriyev ənənəvi “QAİ” qaydası ilə yollardan pul yığa bilməsə də, onun gəliri ayağına gəlir. Belə ki, cumhuriyyet.az olaraq müşahidələrimiz göstərir ki, MMX rəhbəri sakitcə kabinetində əyləşib, əli pul görmür, heç bir təhlükə yoxdur, hansısa rüşvət sövdələşməsində iştirak etmir, di gəl sistem işləkdir. Söhbət sürücülərin çox gözəl tanıdığı qaragünlü 403-cü otaqdan gedir. Bu otağın qarşısında çox yox, cəmi 1 saat müşahidə aparın: əlində maşın nömrəsi gələn kim, telefonla tanış axtaran kim, növbə üstündə qırğına çıxan kim – hamı bir nəfər kimi Nuriyevin 403-cü “cənnət” otağının nurunu görmək arzusundadır. Necə deyərlər, bu sirat körpüsündən, yəni 403-cü otaqdan keçməyənlərin şəhərdə günü qaradır. Yəni, əsl reportajlıq məkandır. Bir gün cənab nazir R.Usubov təğyiri-libas olub bu kabinetə gəlsə öz gözləri ilənələrin baş verdiyinə şahid olacaq. Bəs nələr, baş verir sual oluna bilər.
Elektron oyuncaq
Bu sistemdə iştirak edən sürücülərin cumhuriyyet.az-a bildirdiyinə görə, 403-cü otaqda hər gün dövlət büdcəsindən yüz minlərlə manat pul yayındırılır. “Yazıya pozu yoxdur” deyiblər, amma bu atalar sözü də 403-cü otaqda öz kəsərini itirir. Çünki, MMX-nın 403-cü otağı məhz yazılanları pozmaq üçün fəaliyyət göstərir. Savash.org mediada yer alan məlumatlara əsasən bildirir ki, Mərkəzi Məlumat Xidməti qeyri-qanuni pul toplamaları üçün xüsusi mexanizm hazırlayıb. Belə ki, radara düşən sürücüyə elektron protokol tərtib olunaraq yaşadığı ünvanına göndərilir. Amma, əksər hallarda cəriməni ödəmək istəyən sürücülər süni maneələrlə üzləşirlər. Belə ki, banka gedib cəriməni ödəmək istəyən sürücüyə bildirilir ki, cərimə sistemə vurulmayıb. Cərimə sistemə vurlmayıbsa deməli ödəyə bilməzsən, baxmayaraq ki, əlində ünvanına gəlmiş elektron protokol var.
403-ə gediş yolu
Başqa bir variantda isə sürücülər az qala bir ili tamam olan, hətta bir ildən də artıq müddət keçmiş MMX radarlara görə saxlanılır və maşın cərimə meydançasına aparılır. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırma nəticəsində məlum olur ki, sürücünün MMX-dan xəbəri yoxdur və ona heç bir məktub xəbərdarlıq göndərilməyib. Sürücülər inspektordan protokolun çap edilməsini tələb etsələr də buna nail ola bilmirlər. Sürücülər özləri DYP-nin saytına girib yoxlayandada orada heç bir cərimə görmürlər. Arxayın olan sürücü birdə DYP inspektoru onu saxlayıb cərimə meydançasına aparanda bilir ki, onun cəriməsi var və cəriməni ödəmədiyi üçün cəzalandırılıb. Belə olan halda isə əlacsız qalan sürücülər Baş Dövlət Yol Polis İdarəsinə və oradada 403-cü otağa üz tutmağa məcbur olurlar. Buranın isə isə öz qanunları var, Azərbaycan qanunları keçərsizdir. Odur ki, toplanan pulların da Azərbaycan dövlətinə, onun xəzinəsinə heç bir aidiyyatı yoxdur.
“Xüsusi” klientlər
Vətəndaşlar 403-cü otağın qarşısında toplaşaraq növbələırini gözlədikləri zaman ortada gəzən 2-3 nəfər əməkdaşlar gözə dəyir. Onlarda növbədən qıraqda dayanmış “xüsusi” klientləri və birdə onlara “privat” müraciət edənlərə qulluq edirlər. İçəridə isə səni fakt qarşısında qoyaraq pul kisənin yüngüllüəşdirilməsinə kömək edən, DYP- işçisi və onun operator köməkçiləri var. Əslində aydındır ki, DYP daxilində qurulmuş bu sistem cərimə pullarının bank vasitəsilə ödənilməsinə yaradılan maneələrin bir məqsədi var – sürücülərdən toplanan böyük məbləğdə pulların şəxsi ciblərə getməsini təmin etmək. Şəxsi ciblərin isə Zeynalovla Nuriyevin olduğu iddia edilir.
Bu otağa girənin əli niyə cibində olur?
Sözügedən məkandan sürücülərin Savash.org-a bildirdiyinə görə, MMX radar çəkirsə, dərhal sistemə vurulur və sürücüyə elektron protokol göndərilir. Qanunvericiliyə görə, sürücü həmin protokoldan narazı deyilsə, bu sənəd əsasında istənilən banka gedib cəriməni ödəyə bilər. Amma Baş Dövlət Yol Polisi İdarəsinin 403-cü otağındakı şıdırğı alver başadüşülən deyil. Məsələn, o otağa girib-çıxan hər kəs pul verdiyini deyir. Maraqlıdır, axı bu otaq bank deyil və alınan pullara görə də heç kimə qəbz verilmir. Özü də, ən az pul verən 500 manatdan dəm vurur. Digər bir mühim məsələ ondan ibarətdir ki, radara düşən sürücüyə elektron protokol tərtib olunub ünvanına göndərilir. Amma son vaxtlar bu cür protokollarla banka gedib ödəniş etmək istəyənlər problemlə üzləşirlər.
Çünki cərimə sistemə vurulmayıb. Və sürücülər də məcbur olub cəriməni ödəmək üçün Baş Dövlət Yol Polisi İdarəsinə üz tuturlar. Burada isə «xəzinə» rolunu oynayan 403-cü otaqda pul verib gedirlər. Və bununla da məsələ həll olunur.
Həll olunmayan məsələ isə odur ki, bəzi sürücülər ünvana gələn MMX radar protokolu ilə banka ödəniş etmək üçün aylarla gözləyir, həftədə bir dəfə banka gedir, amma məlum olur ki, cərimə sistemə vurulmayıb. Sürücü isə qanuna əsaslanıb, ödənişi banka etməyi düşünür. Və bir neçə aydan sonra məlum olur ki, DYP cəriməni sistemə vurmaya-vurmaya vətəndaşa faiz də hesablayıb. Bütün bu şikayətlər və narazılıqlar, iddia və ittihamlar təbii ki, göydən düşməyib. Redaksiyalara ünvanlanan şikayətlərdə, sosial şəbəkələrdə maşını olan sürücülərin yazdıqları faktlar əsasında meydana çıxır. Ancaq heç bir vaxt da bu ittihamlara müvafiq qurumlar münasibət bildirmir, Zeynalovla Nuriyev susurlar. Belə olan halda ittihamlar güclənir. Halbuki, yol polisinin imicinə zərbə vuran belə hallar xoşagələn deyil. R.Usubovun fəaliyyətinə, gördüyü işlərə kömək əlini uzatmaq yerinə, kölgə salmaq, heç də rütbəli şəxslərə yaraşmır. Çünki nazir onları təyin edərkən şəffaf xidmət etməyi göstəriş verib. Onlara isə bu cür ittihamlar var və susurlar.
Biz isə bir media olaraq bütün tərəflərin mövqeyini çap etməyə hazırıq.

Be the first to comment on "Nuriyevin 403-cü otağından Usubova açılan “atəş”…"

Leave a comment

Your email address will not be published.


*