MTN-də Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev gündəmi silkələyən açıqlamalar verməkdədir

E.Quliyev agentlərinin kimliyini Dövlət Təhlükəsizlik Xidməti rəisi Mədət Quliyevə açıqlamağa hazır olduğunu söyləyib.

“Şimal Küləyi” və “Qərb qütbü” əməliyyatlarına ayrılan vəsaitlərlə bağlı Elçin Quliyevə mənimsəmə ittiham verilib.

Onun vəkili deyib ki, pulların ayrılması ilə bağlı, həmin sənədlərin məhv edilməsi barədə nazir Eldar Mahmudovun və nazir müavini Hilal Əsədovun əmri var:

“Bu işlə bağlı heç bir araşdırma aparılmadan Elçin Quliyevə 7 milyon 300 min manat mənimsəmə ittihamı verilib. Xahiş edirik, bu məsələ ilə bağlı eskpertiza təyin edilsin” .

MTN generalı çox şeyi danışa bilməyəcəyini qeyd edib: “Burda əsas məsələ agenturaya ayrılan pullardır. Məndən heç kim soruşmayıb ki, hansı agentə nə qədər pul vermişəm. Pulların verilməsi ilə bağlı Maliyyə İdarəsinin xəbəri olmayıb.

Çünki mənim səlahiyyətimdə olan agentimi heç kim tanımayıb. Həmin adamı burda nə sizə deyə bilərəm, nə də başqasına.

Bircə indiki DTX rəhbərliyinə adları verə bilərəm. Çünki nazirlikdə hərənin öz agenti olub. Mərhum İlqar Əliyevin öz agenti olub, nazirin və yaxud nazir müavininin öz agentləri olub. Hər kəs öz agentini tanıyıb”.

Elçin Quliyev ona verilən mənimsəmə ittihamının qanunsuz olduğunu deyib: “Mənə 7 milyon 300 min manat mənimsədiyimi bildirilir.

Hanı o pul? Mənim o boyda pulum olsaydı, indi obyektlərim, villalarım, bağlarım olardı. Hazırda mənim banka belə borcum var”.

Baş çekist Mahmudov vəzifədən çıxarıldıqdan sonra, MTN ləğv edilməmiş nazirlikdən istintaqa təqdim edilən “Antiterror mərkəzində əməliyyat xərcləri maddəsi ilə ayrılmış vəsaitin xərclənməsinə dair arayış”dan görünür ki, “Qütb gecəsi” Əks-Kəşfiyyat Əməliyyatları İşi üzrə 1 milyon 105 min dollar və 1 milyon 357 min manat xərclənib.

“Qütb gecəsi” işi 2014-cü il fevralın 3-də ATM-in rəisi, general Elçin Quliyevin sanskiyası ilə açılıb, qərarı isə onun müavini, polkovnik İlqar Əliyev hazırlayıb.

İşin açılmasında məqsəd “Diplomatik nümayəndəlik və beynəlxalq təşkilatlar örtüyü altında sosial şəbəkələr mövqeyindən ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparan Xarici Xüsusi Xidmət orqanları ilə əməliyyat oyunlarının keçirilməsi” olub.

“Qütb gecəsi” işinə bir-biri ilə əlaqəsi olmayan, müxtəlif faktlar üzrə yazışmalar, telefon danışıqlarının şərhi, agentura məlumatlarından çıxarış əlavə olunub.

Bəzi məlumatlar vacib əməliyyat əhəmiyyəti kəsb etsə də, onların ətrafında əlavə agentura əməliyyat tədbirləri keçirilməyib.

Arayışda agentlərlə bağlı hissədə qeyd edilib ki, bu iş üzrə 46 nəfərlə etibarlı münasibətlərin yaradılması, arxiv agentlərindən istifadə edilməsi qeyd edilib.

İşi aparan polkovnik M.A şəxsən özünün əlaqəsində olan agentlər və onlara ayrılan pullar haqda istintaqa məlumat verib.

O, bildirib ki, hüquq müdafiəçisi olan agentlə 2013-cü ilin oktyabr ayından münasibətlər yaradılıb.

Noyabr ayından etibarən hər ay həmin şəxsə 2 min manat mükafat təyin edilib. Bu şəxsin 2014-cü ildə Strasburqa səfər xərclərinə görə 2500 manat ödənilib.

O, ümumi xarakterli məlumatlar təqdim edib. 2015-ci ildən isə rəsmi olaraq Hərbi Əks Kəşfiyyat İdarəsində Xidmətə götürülüb.

İkinci agent isə QHT sədri olub. Onun rəhbəri olduğu ofisin saxlanılması, qəzetinin buraxılması üçün hər ay 6 min manat ödənilib, həmçinin çoxsaylı səfərlərinin xərci qarşılanıb.

Həmin şəxsə 2011-2015-ci illər ərzində 132 min manat, 6150 dollar və 2475 avro pul ödənilib. 2014-cü ildə ildə isə həmin şəxsin dövlət əleyhinə yönələn çağırışlar etməsi barədə məlumat daxil olub.

Araşdırma zamanı məlum olub ki, QHT sədri əhali arasında iğtişaşlara gətirib çıxara biləcək mənfi fikirlər səsləndirir, dövlətə qarşı aztəminatlı, qaçqın və məcburi köçkünlərdən istifadə etmək üçün onları və Çeçenistan, Suriya, Əfqanıstanda döyüşmüş şəxsləri öz ətrafına yığır.

Bu şəxsin MTN-nin maliyyələşdirdiyi Strasburq səfərlərinin birində, beynəlxalq tədbirlər zamanı Azərbaycan dövlətinin daxili və xarici siyasətini tənqid edən kütləvi etiraz aksiyalarında fəal iştirak etməsi barədə məlumat sızıb. Onunla bağlı məlumatlar da “Qütb işi”nə əlavə edilib, sonradan o, həbs olunub.

Fia.Az

Be the first to comment on "MTN-də Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev gündəmi silkələyən açıqlamalar verməkdədir"

Leave a comment

Your email address will not be published.


*